Kuzundan Lazaya Qusar kəndləri

Sağlamlıq problemlərim üzündən gedib-getməməyi çox götür-qoy edəndən sonra özümü səhərin gözü açılmamış avbtobusa minərkən tapdığım yürüyüş haqqında biraz danışmaq istəyirəm. Hansı ki, bu indiyə qədər getdiyim ən uzun yürüyüşlərdən biri idi. Avtobusla Qusarın Kuzun kəndinə, ordan da dağların müşayiəti ilə Laza kəndinə gedəcəkdik.

Bu yürüyüşdə mənə maraqlı gələn ən əsas şey etnik rəngarəngliyi ilə seçilən Qusarın toponimləri idi. Xüsusilə də kəndlərin adı, mənşəyi və onların formalaşması haqqında öyrənmək istəyirdim. Birinci elə Qusarın özü haqqında biraz məlumat verim.

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Qusarın adı ləzgilərin Kas tayfası ilə bağlı formalaşmışdır. Bəzi mənbələrə görə isə bu sözün mənası “suvari qoşun” deməkdir. Bu iddialara görə ərazi XIX əsrdə buraya gəlmiş qusarların (rusca-гусарцы) adı ilə adlandırılıb. Lakin, bunu təkzib edən bir çox fikirlər də mövcuddur, çünki ruslar buralara gələnə qədər Qusar toponimi artıq mövcud idi. Əlbəttə, tarix qədim, mədəniyyət isə zəngin olanda bu kimi fərziyyələrin sayı da artır. Nə isə qayıdaq Kuzun kəndinə.

Kuzun (Quzun) Qusar çayın yamacında dağətəyi ərazidə yerləşir. Alimlərin fikrinə görə, Kuzun adı türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Bəzi mənbələrə görə isə kəndin adı kuzu (quzu) sözündən gəlib, əhalinin əsas məşğuliyyəti olan qoyunçuluqla bağlıdır. Kəndin əhalisi ləzgilərdir. Əsasən qoyunçuluq, maldarlıq və əkinçiliklə məşğul olurlar. Baş Qafqaz sıra dağlarından axıb gələn Qusarçay ilin bolsulu dövründə tez-tez daşaraq təsərrüfata ziyan vurur. Suvarmada geniş istifadə olunan çay Laza və Kuzun kəndləri arasında olan hissədə əhəngdaşlarından ibarət qaya və kəsəklər arasında astana və şəlalələr əmələ gətirir.

Kuzun kəndi – 1300 m

DSC_0010.JPG

DSC_0005

Qusarçayın izi ilə dağ yürüyüşünə başladıq. Günəşli və aydın havaya baxmayaraq dağ havası özünü biruzə verirdi. Soyuq və təmiz havanı ağciyərlərimizə çəkərək qırov düşmüş yamacları keçərək Laza kəndinə üz tutduq. Yürüyüşün uzunluğu meşə-dağ cığırları ilə təxminən 6-8 km-dir. Açıq havada yeriməyi sevənlər üçün mükəmməl məkandır, sizə məsləhətim qalın geyinin. 😀

İlk başlarda nəfəsimi tənmizləməkdə çətinlik çəksəm də bir müddət sonra hər şey qaydasına düşdü. Cığırda dağlar sizi əhatələyir, tamamilə bu dünyadan uzaqlaşa bilirsiniz. Şəhərin səs küyünü Qusarçayın şırıltısı əvəz edir. Ətrafda ancaq  dağlar və təpəliklər görünür. Hətta, mən bir ara özümü Alisanın möcüzələr diyarındayammış kimi hiss etdim. Dağların əhatəsində insan necə kiçik varlıqlar olduğumuzu dərk etməyə fürsət tapır.  Düşüncələrə dalmış yürüyüşə davam edərkən  yolüstü bu dağlar gözəlinin səsinə oyandım.

DSC_0242.JPG

Yol boyu itburnu və müxtəlif giləmeyvə kolları da gözümüzdən yayınmadı.

DSC_0049

Yolumuza qısa fasilələr verərək davam etdik. az getdik, çox getdik, dərə-təpə düz getdik. Nəhayət, bir neçə saatlıq yürüyüşdən sonra  Laza üfüqdə görünür. Kəndin valehedici mənzərəsi qarşısında yorğunluğum yadımdan çıxdı. Son dəfə nəfəsimizi dərib kəndə daxil olduq.

DSC_0020

Dağlar qoynundakı Laza

IMAG9146.jpg

Laza (Ləzə) kəndi Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” adlanan ətəyində salınıb.  Kənd sakinlərinin fikrinə görə onun adı  qədimdə burada yaşamış laz tayfalarının adı ilə bağlıdır. Azərbaycanın başqa bölgələrində də bu adda toponimlərə rast gəlinir. (Məsələn, Qəbələdə də Laza adlı kənd vardır.)

Kəndin təxminən 170 nəfər əhalisi var. Kəndin sakinləri ləzgilər olub, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar. Əhali ləzgi, azərbaycan və bir qismi də rus dilində danışırlar. Ləzgi dili Dağıstan dillərinin iber-qafqaz dil qrupuna aiddir.  Ləzgilər regionun ən qədim sakinləri hesab olunurlar və etnik psixologiyalarını əsrlər boyu qoruyub saxlamışlar. Bu onların daha çox ucqar ərazilərdə yaşaması ilə bağlıdır.

Şirin ləhçələri və qonaqpərvərliyi ilə ləzgilər olduqca mehriban insanlardır. Uzun yolda mehribanlaşmış bizlər də kəndə çatan kimi samovar çayı içərək söhbət etməyə başladıq. Atalarımız yaxşı deyib ki, birini tanımaq üçün gərək yol yoldaşı olasan. Belə yürüyüşlər bizim sağlamlığımız üçün faydalı olmaqla yanaşı təbiəti sevməyi aşılayır, yeni dostlar qazandırır.

DSC_0328

Qusar rayonunun Azərbaycanın şəlalələr diyarı adlandırılmasında  Lazanın rolu böyükdür. Qış aylarında Lazanı hər tərəfdənəhatə edən  şəlalələr donaraq nağıl kimi mənzərələr yaradır. Ona görə də qış turizmi və ekstrim idman növlərinin inkişafı üçün böyük potensialı var. Bunun üçün kənddə xidmət sahələri və infrastrukturun  inkişaf etdirilməsi gərəkdir. Bu yolla ekoturizmin inkişafına təkan vermək olar, hansı ki, bu da yerli kənd sakinləri üçün yeni gəlir sahələri yaradır.

Ən sonda bu möhtəşəm yürüyüş və unudulmaz xatirələr üçün Nukha Outdoor Cluba xüsusi təşəkkürlərimi bildirirəm.

P.S. Yürüyüşdən bəzi şəkilləri aşağıda yerləşdirirəm. Şəkillərin müəlliflik hüququ Nukha Outdoor Cluba məxsusdur.

Oxuduğunuz üçün təşəkkür edirəm. 🙂

Kuzundan Lazaya təbiət mənzərələri

IMAG9138DSC_0051

DSC_0038DSC_0080

DSC_0041

DSC_0171

DSC_0283IMG-20181125-WA0051

DSC_0273.JPG

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

WordPress.com.

Up ↑

%d bloggers like this: